Yardımlı rayonu Abu-Dərdə piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Yardımlı rayonu Abu-Dərdə piriPir Yardımlı rayonunun Arus, Lərzan və Ərsilə kəndləri arasında yerləşir. Yerli sakinlər bura, həmçinin Abuzərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Məqbərənin tarixi XIII-XIV əsrlərə aid edilir.

Deyilənə görə, türbənin adı Ərdəbil tərəflərdə yaşayan din xadimi Şeyx Seyyid Əbuzər ilə bağlıdır. Şeyx Əbuzər qoca yaşlarında səyahət zamanı yolda vəfat edib. O, ölümündən əvvəl yol yoldaşı olan qızına, onu məhz bu torpağda dəfn etməsini vəsiyyət edib. Daha sonra isə Şeyx Seyyid Əbuzərin məzarı pirə dönüb.

Tarixçi Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində olan şəxsin Məhəmməd Peyğəmbərin (s) ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. Tarix üzrə fəlsəfə doktoru Mirnağı Nəzərlinin dediyinə görə, türbədə dəfn olunan şəxs dördüncü Rəşidi xəlifəsi və İmam Əli (ə.s) səhabəsi Əbu Dərdaildir. Tədqiqatçı Gülməmməd Məmmədzadə abidənin X-XI əsrlərdə yaşamış Ərdəbilin ən böyük sufi mütəfəkkiri, təriqət şeyxi Əbu Zürə məxsus olduğunu söyləmişdir.

Abi-Dərdə türbəsi dairəvi formadadır. Abidə kərpiclə hörülüb, günbəzlə örtülmüşdür. Türbənin arxasında qədim qəbiristanlıq mövcuddur. Məqbərənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütov olmayan yazı var və “Dərdlərə su verən” mənasını verir.

İnsanlar türbənin qırağında olan xırda daşları divara sürtərək dua və niyyət edirlər. Onlar inanırlar ki, əgər bu vaxt daş divara yapışsa, dua həyata kecəcək.

Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. 2011-ci ildə Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti ilə ziyarətgahın yanında istirahət otağı və məscid tikilmişdir. Abi-Dərdə ən çox ziyarət olunan pirlərdən biridir və buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.

Abi-Dərdə türbəsi XIV əsrə aid yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://zirve.info