Ucar rayonu Çiyni kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Ucar rayonunun Çiyni kəndində, Ağamirzə Əhədov küçəsində yerləşir. İbadət evi 2007-ci ildə inşa edilib. İbadətgah, həmçinin Hacı Ağamirzə məscidi kimi də tanınır.

Məscid iki mərtəbədən ibarətdir və orada eyni anda 250 nəfər ibadət edə bilər. Birinci mərtəbədə kişilərin, ikinci mərtəbədə isə qadınların ibadət zalı yerləşir. Məscidin bir günbəzi və bir minarəsi var. Onların hər birinin qübbəsi yaşıl rəngdədir. İbadət evinin günbəzi daxili tərəfdən naxışlar və Quran ayələri ilə bəzədilib. Günbəzin mərkəzində isə “kəlimeyi-şəhadət” yazılıb.

Məscidin binası çöl və daxildən yaşıl rəng ilə boyanılıb. İbadətgahın giriş qapısının üzərində lövhə yerləşir. Həmin lövhədə Peyğəmbər (s) və Əhli Beytin (ə.s) adları həkk olunub.

Hazırkı məscidin yerində əvvəllər başqa məscid yerləşirdi. Köhnə ibadətgah XX əsrin ortalarında yerli sakin Ağasi tərəfindən inşa olunmuşdur. Məscid düzbucaq formada və çaylaq daşlarından tikilmişdir. İbadət evinin tavanı və döşəməsi taxtadan olub, damı isə şiferlə örtülmüşdür.

Mənbələr: 

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://www.facebook.com