Siyəzən rayonu Xıdır-Zində piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Bakı-Quba yolunun 80 kilometrliyində, dağın təpəsində yerləşir. Dağın formasına görə buraya Beşbarmaq piri də deyirlər. Rəvayətlərə görə, eramızdan əvvəl bu yerdə Xıdır (ə.s) adlı övliya (Allah dostu) yaşamışdır. Quranda, Musa Peyğəmbərin (ə.s) əhvalatında Xıdır hikmətli bir şəxs kimi göstərilir. Onun qeybdə olması və bugünədək yaşaması bildirilir. Bəzi rəvayətlərdə Xıdırın Peyğəmbər olması qeyd olunub.

Ehtimal olunur ki, əvvəllər Xəzər dənizi Beşbarmaq dağının ətəyində olub. Bir gün Xıdır (ə.s) dəstəmaz almaq üçün qardaşlarını ona su gətirməyə göndərib. Qardaşları onun sözünü yerinə yetirə bilməyiblər. İbadətə gecikdiyinə görə Xıdır onlara qarğış edib və suda olan hər iki qardaş daşa dönüblər.

Beşbarmaq dağı ibadətgahdan aralıda yerləşir. Dağın başına qalxmaq üçün qayalıqların arasında pilləkənlər çəkilib. İnsanlar burada əncir ağaclarından dəsmal asaraq niyyət tuturlar, hacətlərin yerinə yetirilməsini diləyirlər. Pirdə Xıdırın (ə.s) namaz qıldığı ehtimal olunan yerdə insanlar toplaşır, orada ibadət edirlər.

Ziyarətgahda zəvvarlar üçün ibadət evi, dəstəmazxana, yeməkxana fəaliyyət göstərir.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  2. Alxas Alxasov. Müqəddəs ziyarətgahlar. Bakı-2011.