Ziyarətgah Bakının Hökməli qəsəbəsində yerləşir. Pirin inşa tarixi XX əsrə aid edilir. Türbə yerli əhali tərəfindən tikilib. Burada 1860-1918-ci illərdə yaşamış kənd sakini Seyyid İmran dəfn olunub. Deyilənə görə, İmran ağa elm sahibi və irfan əhlindən olub. Qəsəbə sakinləri arasında bura “Miran” adı ilə də tanınır.
Ziyarətgahda çalışan Gövhər xanımın sözlərinə görə, pirin ətrafında çoxlu ilan var. Onlar gün ərzində üç dəfə türbənin ətrafına dolaşırlar, lakin ziyarətçilərə toxunmurlar. Gövhər xanım bunu pirin müqəddəsliyi ilə əlaqələndirir.
Türbənin yararsız vəziyyətə düşməsi ilə bağlı qəsəbə sakinləri bir neçə dəfə bələdiyyə və icra nümayəndələrinə şikayət ediblər. Lakin onların şikayəti cavabsız qalıb. Buna baxmayaraq, yerli xeyriyyəçi Kərbəlayı Rasimin köməyi ilə ziyarətgahda təmir-bərpa işləri aparılıb.
Pirin giriş qapısının üstündə “Kəlimeyi-təyyubə” həkk olunub. Ziyarətgahın 3 metr hündürlüyündə bir günbəzi var.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Əlinin hökmü ilə tikilən Hökməli…