Məscid Şamaxı şəhərində, Seyid Əzim Şirvani küçəsi 36-da yerləşir. İbadət evi 743-cü ildə inşa edilib. İbadətgah Cənubi Qafqazın ən qədim məscidi hesab edilir. Məscid xəlifə Xəlid ibn Vəliəhdin qardaşı Müslüm ibn Vəliəhdin buraya səfəri şərəfinə tikilib. Yerli sakinlərin dediyinə görə, Cümə məscidi şəhərin 36 məscidi arasında dağıdılmayan yeganə məsciddir.
1859-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində ibadətgaha zərər dəyib. Hadisədən sonra Şamaxıdan olan Qasım bəy Hacıbababəyov məscidi bərpa edib. 1902-ci ildə burada daha bir zəlzələ baş verib və məscidə yenidən ziyan dəyib. Bu zaman məscidin bərpası Zivərbəy Əhmədbəyova, sonra isə polşalı memar İosif Ploşkoya həvalə edilib. Lakin polşalı memarın apardığı təmir işləri yarımçıq qalıb.
1918-ci ildə ermənilərlə müharibə zamanı Cümə məscidində 1700-ə yaxın insan yandırılaraq qətlə yetirilib. Sovet dövründə isə məscid bir neçə dəfə sökülmək təhlükəsi ilə qarşılaşıb. Lakin 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə məscid təmir olunub. XX əsrin sonunda ibadət evinin təmiri zamanı burada qədim qəbirlər və hücrələr (otaqlar) aşkar edilib. Onlar bu günədək olduğu kimi qorunub saxlanılır.
Məscid kompleksinin ümumi sahəsi bir hektara yaxındır və burada eyni anda 1500 nəfər ibadət edə bilər. İbadət evinin qarşısında 36,4 metrlik iki minarə var. Günbəzin ətrafında da əlavə dörd minarə mövcuddur. Məscidin üç əsas zalı, üç minbəri və üç mehrabı var.
Sonuncu təmir-bərpa işləri 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. 2013-cü ildə məscidin fəaliyyəti bərpa olunub. Şamaxıda tez-tez baş verən zəlzələlərə görə binanın bünövrəsi dəmir-beton konstruksiya ilə möhkəmləndirilib. Məscidin ərazisində konfrans zalı, altı qalereya, 250 nəfərlik mərasim zalı, mətbəx və kitabxana fəaliyyət göstərir. Abidənin həyətində iki hovuz salınıb.
Şamaxı şəhər Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.dqdk.gov.az
- http://medeniyyet.gov.az