Salyan rayonunun Hacı Tağı məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Salyan şəhərinin mərkəzində yerləşir. İbadətgah hicri qəməri tarixi ilə 1327-ci (təxmini 1907-1909) ildə tikilib. Məscidin inşa tarixi iki əsas giriş qapısının ortasındakı divarda daş kitabədə həkk olunub.

İbadət evi Hacı Tağı adlı şəxs tərəfindən inşa olunub. Onun övladı olmadığına görə, o, narahat idi ki, dünyasını dəyişəndən sonra ona yasin oxuyan olmayacaq. Lakin Hacı Tağı bilirdi ki, məsciddə hər namazdan sonra onu tikdirənə də dua edirlər. O məscidi onun xatirəsi daim yaşasın deyə tikdirir.

Məscid ikimərtəbəlidir. Bu məscidin ibadət zalının divarında ərəbcə Quran ayələri yazılıb. İbadət zalının tavanı düzbucaqlı formadadır və beş taxta sütun üzərində dayanıb. Məscidin minbəri  taxtadandır və dördpilləlidir. İbadətgahın mehrabı divarın içərisindədir. Bu məscidin divarları fasad tərəfdən daş plitələrlə üzlənib, damın örtüyü isə ağ dəmir təbəqə ilə işlənib. İbadət evinin minarəsi və günbəzi yoxdur.

Məscidin hər iki mərtəbəsinin iç sahəsi kişilər və qadınlar şöbəsindən ibarətdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
  2. https://bilasuvar.mctgov.az/az/view/367/6/Salyan