Məscid Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yerləşir. İbadət evinin inşa tarixi dəqiq məlum deyil. İbadətgah, həmçinin “İmam Hüseyn” məscidi kimi tanınır.
Yerli sakinlərin dediklərinə görə, məscid üç dəfə bərpa edilib. İkinci bərpa işinin tarixi məscidin divarına həkk olunub. Bu bərpa işləri hicri-qəməri təqvimi ilə 1333-cü ildə (1915) Səməd bəy Kərbəlayı Cəbrayıl oğlu tərəfindən həyata keçirilib. Məsciddə üçüncü dəfə yenidənqurma işlərinə 1990-cı ildə başlanılıb.
İbadətgahın tavanı düzbucaqlı formadadır və üç sütun üzərində dayanır. Məscidin yan divarlarında mərmər plitələrin üstündə ərəbcə “Allah, Məhəmməd, Əli” adları həkk olunub. İbadət evinin tağvari formada üç giriş qapısı və səkkiz pəncərəsi var. Məscidin yuxarı hissəsində isə dördbucaqlı formada beş pəncərəsi var. İbadətgahın günbəzi dəmir təbəqədəndir, hündürlüyü isə 9 metrdir. Günbəzin üstündə beş qəndil qoyulub. Ən yuxarıda dəmir təbəqə ilə ərəbcə “Allah” sözü yazılıb. İbadət evinin dördpilləli minbəri var. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.