Məscid Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin qəbristanlığında yerləşir. İbadətgahın bünövrəsi 1990-cı ildə qoyulub. Məscid yerli kənd sakinləri Şahhüseyn Cəlilov, Əsgər Quliyev və başqalarının vəsaiti hesabına inşa olunub. İbadət evinin ustaları Arif Rəcəbov, Şəmsi Məmmədov və Xudaverdi Təhməzov adlı şəxslər olub.
Burada məscidin bünövrəsini qoymuş Seyidov Mirməhəmməd Kərbəlayı Mirhəmzə oğlunun (1924-1995) qəbri yerləşir. Onun məzarı türbə şəklindədir.
İbadət evi düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin tavanı dörd sütun üzərində dayanır. İbadətgah iki mərtəbədən ibarətdir. İkinci mərtəbə qadınlar üçün nəzərdə tutulub. Məscidin günbəzi dəmir təbəqə ilə örtülüb. İbadət evinin hər küncündə hündürlüyü 2 metr olan minarə ucaldılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.