Sabirabad rayonu Şamaxılı məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahMəscid Sabirabad rayonunun İsmət Qayıbov küçəsində yerləşir. İbadət evi Şamaxıda baş vermiş zəlzələdən sonra Səbirabada köçən Şamaxı sakinləri tərəfindən inşa olunub. “Azərbaycanın dini-tarixi abidələri” kitabında məscidin inşası 1903-cü ilə aid edilir. İbadətgahın tablosunda isə inşa tarixi 1900-cu il kimi qeyd olunub.

“Azərbaycanın dini-tarixi abidələri” kitabında yazılana görə, hazırkı məscidin yerində ev olub. Orada kimsəsiz ərəb qadın qalırdı. Məhərrəm ayının ikinci gecəsində həmin qadın öz iki oğlunu çimizdirmək istəyərkən, qulağına səs gəlir: “yeri murdarlama”. Bu hadisə məhərrəm ayının doqquzuncu gecəsində təkrarlanmışdı. Ərbəin günündən sonra şamaxılılar, qadının evini söküb, ona başqa yerdə ev tikdilər. Köhnə evin yerində isə məscid inşa etdilər. Bir il ərzində tikinti işləri başa çatdı.

Sovet dövründə məscidin fəaliyyəti dayandırılmışdır. 1936-cı ildə ibadət evi tələbələr üçün yataqxana kimi istifadə edilmişdir. Həmin zaman üç gün ardıcılıqla 15 tələbə pilləkəndən yıxılaraq, bədən xəsarəti aldılar. Bu hadisədən sonra tələbələr məscidi tərk etdilər. Daha sonra məscid yanğınsöndürmə dəstəsinə verildi. İki yanğınsöndürən maşın məscidin həyətinə daxil olmuşdur. Bir zavodun yanğın zamanı sürücülər maşınları işə sala bilməmişdilər. Zavod tam olaraq yanıb bitdikdən sonra maşınlar işə salınmışdır. Bundan sonra yanğınsöndürənlər də ibadət evini tərk etdilər. 1943-cü ildə məscid taxıl anbarı kimi istifadə olunub və 1947-ci ildə ibadətgah yenidən müsəlmanlara qaytarılıb.

Məscid düzbucaq formadadır və kərpicdən tikilib. İbadətgahın 2,5 metr hündürlüyü olan günbəzi dəmir təbəqə ilə işlənib. Məscidin 12 metr hündürlükdə borudan düzəldilmiş qoşa minarələri var. İbadət evi daxilində səkkizpilləli, taxta minbər var.

Mənbələr:

  1. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.
  2. http://www.sabirabad-ih.gov.az