Şərur rayonu Xok Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Şərur rayonunun Xok kəndində yerləşir. Məscidin dəqiq tikilmə tarixi bilinmir. “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri” kitabında, məscid memarlıq xüsusiyyətlərinə görə XVII-XVIII əsrlərə  aid edilir. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyasına görə isə, ibadətgah XIV əsrdə inşa olunub.

Xok Cümə məscidi yonulmamış daşlardan tikilib.Məscid fasad tərəfdən kərpiclə üzlənib. Məscid iki hissədən: kişilər və qadınlar şöbəsindən ibarətdir. Eyvan formasında olan qadınlar şöbəsi üç mərtəbəlidir. Məsciddə mədrəsə də fəaliyyət göstərir. İbadətgahın günbəzinə 12 gözlük (balaca pəncərə) qoyulub.

Məscidin giriş qapısının sol tərəfində fars dilində həkk edilmiş kitabəyə əsasən, burada 1910-cu ildə təmir-bərpa işləri aparılıb. 1988-1989-cu illərdə yerli sakinlərin vəsaitinə məscid yenidən təmir edilib. Bu təmir zamanı, məscidin damının örtüyü dəyişdirilib, eləcə də qoşa minarə ucaldılıb. Minarələr dəmirdəndir və hündürlüyü 15 metrdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Səfərli H. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.