Şərur rayonu Parçı İmamzadəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İmamzadə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Xanlıqlar kəndinin şimal hissəsində yerləşir. Ziyarətgahı memarlıq üslubuna görə XVI-XVII əsrlərə aid edirlər. Əvvəllər bu kəndin daxilində Parçılar kəndi mövcud olduğundan, pir Parçı İmamzadəsi kimi tanınır. Ehtimal edilir ki, burada yeddinci İmam Museyi-Kazimın (ə.s) oğlu İbrahim dəfn edilib. Buna görə kənd əhalisi ziyarətgahı “Şahzadə İbrahim ibn Musa İmamzadəsi” adlandırır.

Əvvəllər kompleks binasında bir məzar və daş kitabə olub. 1928-ci ildə kompleksdə aparılan tədqiqatlar nəticəsində, qəbirin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığı məlum olub. Bu səbəbdən, ehtimal edilir ki, burada dəfn edilən şəxs Həzrəti Museyi-Kazimın (ə.s) oğlu İbrahimdir. İmam Musa İslam xəlifəsi Harun ər-Rəşid tərəfindən zəhərləndirilib, İmamın övladları isə vətənlərindən didərgin düşüblər. Beləliklə, İmam övladı seyyid İbrahim, Şərur vilayətinə (indiki Xanlıqlar kəndinə) gəlib, sonra isə burada vəfat edib.

1501-ci ildə Səfəvi dövlətinin banisi I Şah İsmayıl Şərurda Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub etmişdir. Müharibənin qələbəsi şərəfinə Şah İsmayıl, İbrahimin məzarı üstündə sərdabə tikdirmişdir. Bu pirin yanındakı qədim qəbiristanlıqda 1501-ci ildə, döyüşlərdə həlak olanların məzarları var.

İmamzadə düzbucaq formaya malikdir. Abidə əsas zaldan ibarətdir və üstü tağvari günbəzlə örtülüb.

İmamzadə XVII-XVIII əsrlər arasında bərpa edilmişdir. Parçı İmamzadəsinə içməli su və elektrik xəttləri çəkilmiş, həyətyanı sahəsi isə abadlaşdırılmışdır.

Mənbələr: 

  1. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
  2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
  3. https://special.azertag.az