Şəki şəhəri İmam Əli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadət evinin inşa tarixi XIX əsrə aid edilirMəscid Şəki şəhərinin Gəncəli məhəlləsində, Fətəli xan Xoyski küçəsi 7-də yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir. Yerli sakinlərin sözlərinə görə, ibadətgah Nadir şahın hücumundan əvvəl tikilib. Vaxtilə burada kiçik pəncərələr olduğu üçün “Qaranlıq” məscidi kimi də tanınıb.

Məscidin ön tərəfində qəbir yerləşir. Bu məzarda Nəcəfdə təhsil almış, ibadətgahın keçmiş axundu Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə dəfn edilib.

Buraya kiçik yaşlarında Mirzə Fətəli Axundzadə ziyarət edirdi.

Məscid düzbucaq formadadır və iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə ibadət zalı yerləşir. Qadınlar şöbəsi əsas zaldan taxta arakəsmə ilə ayırılıb. İbadət evi çay daşı, kərpic və ağacdan tikilib, damı isə ağ dəmir təbəqə ilə örtülüb. Tavan doqquz sütun üzərində dayanıb. Mehrabın üzərində “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” adları həkk olunub.

Sovet dövründə məscidin minarəsi dağıdılıb. İbadətgahın binası məktəb və idman zalı kimi istifadə olunub. 1994-cü ildə məscid təmir olunub və onun fəaliyyəti yenidən bərpa edilib. Təmir zamanı məscidin əvvəlki görünüşü qorunaraq saxlanılıb. 1997-ci ildə kərpicdən yeni minarə inşa olunub. Minarə dəyirmi formadadır və hündürlüyü 22 metr təşkil edir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://sheki.heritage.org.az
  3. https://report.az