Şəki şəhəri Gödək Minarə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Şəki şəhəri Gödək Minarə məscidiMəscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə XIII əsrdə (XIX əsr) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən inşa edilib.

Məscidin inşa tarixi ibadətgahın giriş qapısının üstündə olan kitabədən və yaxınlıqda yerləşən üç qəbirdən birinin başdaşından məlumdur. Deyilənə görə, bu məzar hicri-qəməri tarixi ilə 1254-cü ildə (1838-ci il) vəfat edən Hacı Sədrəddin bəyə aiddir.

Kitabənin üzərində ərəb dilində yazılıb: “Yer üzündə hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbin zatı baqidir (Rəhman surəsi 26-27). O kişilər ki, nə ticarət nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan yayındırmır (Nur surəsi 37). Bu məscid ki, təqva üzərinə təsis olunmuşdur, şəriətin hökmlərini icra etmək üçün mübarək məscid, kərəmli, şərəfli bölgənin hacısı Hacı Sədrəddin bəy və Abdurrahman bəy tərəfindən cəmadiyəl-əvvəl 1226 ildə inşa olunmuşdur. Allah onlara rəhmət eləsin”.

Məscid daşdan və kərpicdən inşa edilib. İbadətgah iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir. İbadət evinin həyəti hasarla əhatə edilib. İbadətgahın bir minarəsi var. Minarənin daxilindəki pilləkənlər dağıldığından yuxarıya qalxmaq mümkün deyil.

Sövet dövründə ibadət evinin binası bağça kimi istifadə olunub. İbadətgah təmir olunduğu üçün onun əvvəlki xarici görünüşü dəyişdirilib.

Şəki şəhəri Gödək Minarə məscidi yerli əyəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://mdtf.az
  3. https://sheki.heritage.org.az
  4. http://www.mct.gov.az