Şəki rayonu Babaratma piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Şəki rayonunun Babaratma kəndində yerləşir. Burada XIX-XX əsrlərə aid başdaşı formasında abidələr yerləşir. 1597-ci ildə pirdə İslam alimi Seyyid Hacı Ağa Məhəmməd və onun ulu babası dəfn edilib.

Ziyarətgah kompleks şəklindədir. Kompleksə məqbərə, məscid və qəbiristanlıq daxildir. Məscid-məqbərənin giriş qapəsından sağda kitabə yerləşir. Kitabədə ərəbcə yazılıb: “Mərhəmətli və Rəhimli Allahın adı ilə. Bu qəbir məşhur alim, seyyid… Hac-əl-Hərəmeyn (iki müqəddəs yer) hacısı Ağa Məhəmmədindir. Allahın və Allahın vəlisinin köməyi və onun müqəddəsliyi ilə bu binanı bərpa etməyə başladı Hacı əl-Hərəmeyn Seyyid Hacı Ağa Məhəmməd Əfəndi ibn Seyyid Qasım Çələbi ibn Seyyid Qədeş Çələbi Əfəndi ibn Seyyid Hacı Şeyx Dədə Mürsəl Şeyx Babaratma 1005 ildə (1596-1597-cu illər)”.

Şeyxin adının Babaratma olması onun ticarətlə məşğul olması ilə bağlıdır. Belə ki, “Babaratma” “Baba ribat” sözünün təhrif olunmuş formasıdır. “Ribat” isə ticarət mərkəzinə deyilib.

Kitabədə qeyd olunan şəxslərin adlarının Çələbi olması onların Bektaşiyyə sufi təriqətinin qoluna məxsus olmasını bildirir. XVI əsrin ortalarında bu təriqət Babailər və Çələbilər adlı iki qola ayrılıb. Kitabə XVI əsrdə Azərbaycan ərazisində bu qolların mövcudluğunu sübut edir.

Ziyarətgahın digər bir kitabəsində Hacı Məhəmməd Əfəndinin burada təmir-bərpa işləri aparması qeyd olunub. Kitabənin yazısı belədir: “Bu şərəfli məscidi divarları ilə birgə Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Əbdül Mütəllib, Peyğəmbər (ə.s) hicrətindən sonra 1100 ildə bərpa etdirdi və öz əli ilə qəbrini qazdı (1988-1689-cu illər)”.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  2. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. Azərbaycan folkloru antologiyası. Şəki folkloru. Bakı-2008.