Quba şəhəri Hacı Cəfər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Quba şəhərinin mərkəzində, Ərdəbil küçəsi 62-də yerləşir. İbadət evi yerli sakin Hacı Cəfər tərəfindən 1905-ci ildə inşa olunub. Bu səbəbdən ibadətgah onun adını daşıyır.

Qubada Ermənilər tərəfidən törədilən soyqırım zamanı, qadınları və uşaqları bu məscidə gətirib yandırmaq istəyiblər. Hacı Cəfər kimsəsiz erməni qızlarını saxlayaraq böyüdüb və bunu ermənilərə deyib: “Biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz”. Ermənilər bu sözlərdən sonra qadınları buraxıblar.

Sovet dövründə məscid anbar və yataqxana kimi istifadə olunub. Deyilənə görə, burada qalan tələbələrin əksəriyyəti dəli olub. Repressiya illərində ibadətgahın günbəzi dağıdılıb. 1943-cü ildə günbəz yerli əhali tərəfindən bərpa edilib.

Məscidin kərpicdən tikilib. İbadətgahın tavanı və döşəməsi taxtadandır. Tavan iki taxta sütun üzərində dayanıb. İbadət evinin qapısı və mehrabı qoz ağacından düzəldilib. Məscid iki mərtəbədən və dörd otaqdan ibarətdir. İkinci mərtəbədə qadınlar şöbəsi yerləşir. 1981-ci ildə təmir-bərpa işləri zamanı qadınlar şöbəsini kişilər şöbəsindən ayırmaq üçün taxta arakəsmə qoyulub.

Hacı Cəfər məscidi öz axundları ilə məşhur olmuşdur: Axund Kərbəlayı Həmdulla, Mirzə Məhəmməd Kərim, Kərbəlayı Mirsəmədağa.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az
  3. https://baku.ws/social