Qazax şəhəri Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Qazax şəhəri Cümə məscidiMəscid Qazax şəhərinin mərkəzində, Şəhidlər Xiyabanı küçəsi 15-də, İsrafil ağa hamamı ilə üzbəüz yerləşir. “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası” kitabında ibadət evinin inşa tarixi 1901-ci ilə aid edilir. Qeyd olunur ki, məscid Kəsəmən kəndinin sakini Hacı Zeynalabdin Cəfər oğlunun təşəbbüsü ilə rayon sakinlərinin köməyi ilə tikilib. “Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi” kitabında isə məscidin tikilmə tarixinin 1988-ci ilə aid olduğu bildirilir. İbadət evinin memarı Hüseynov Müzəffərdir.

Sputnik.az mətbuatının məlumatına görə, tarixçilər məscidin İsrafil ağa Kərbəlayevin hesabına tikilməsi ilə razılaşmırlar. Bildirilir ki, XX əsrin əvvələrində məscidin inşası zamanı İsrafil ağa Hacı Zeynalabdinə yaxınlaşaraq tikinti işləri ilə kömək etmək istəyib. Hacı ona cavab verib: “Heç bir köməyiniz lazım deyil. Yaxşısı budur, siz onun qabağında bir hamam tikdirəsiniz, insanlar ibadətə gəlib-gedəndə burada paklana bilsinlər”. İsrafil ağa razılaşıb, hamam tikdirib.

Qazax rayonunun Cümə məscidini İmam Huseynin (ə.s) hərəminə oxşadırlar. Məscidin binası qırmızı kərpicdən tikilib. Qoşa minarənin qülləsi dəmir təbəqə ilə işlənib. 18 metrlik minarələrin üzərində İmam Əlinin (ə.s) vilayətini təstiqləyən şəhadət mətni həkk olunub. Günbəzin diametri 13 metrdir. Binanın üç girişi və 12 pəncərəsi var.

Sovet dövründə Qazax rayonunun məscidlərinin əksəriyyəti məhv olunub. Cümə məscidi qorunub, yeməkxana, anbar, əczaxana və kitabxana kimi fəaliyyət göstərib. 1990-cı ildə ibadət evi dövlət tərəfindən təmir-bərpa edilib və yenidən istifadəyə verilib.

Qazax şəhəri Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Xəqani Alməmmədov, Elvin Əliyev, Şamil Nəcəfov. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi. Bakı-2017.
  3. https://ailehekimiklinikasi.az
  4. http://www.qazax.net
  5. http://www.qazax-ih.gov.az
  6. https://sputnik.az
  7. http://www.mct.gov.az