Ordubad rayonu Yuxarı Əylis məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ordubad rayonu Yuxarı Əylis məscidiMəscid Ordubad rayonunda, Yuxarı Əylis kəndində, Meydan məhəlləsində yerləşir. İbadət evi Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə, 1587-1629-cu illərdə inşa edilib. İbadətgah, həmçinin “Meydan” və “Şah Abbas” məscidi kimi tanınır. Bu məscid Naxçıvan bölgəsində Ordubad Came məscidlərindən sonra yanında mədrəsə binası olmaqla indiyədək gəlib çatan ikinci məsciddir.

Məscidin fasadı kiçik qırmızı və ağ rəngli kərpiclərlə üzlənib. İbadət evinin tavanı dörd sütun üzərində dayanır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində tağvari formada iki pəncərə və düzbucaqlı formada iki giriş qapısı var. İbadətgahın giriş hissəsində iki sütun üzərində dam artırılıb. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Məscidin bir minarəsi və bir günbəzi var. Onların üstündə aypara rəmzi quraşdırılıb.

Məscidin şimal-qərb tərəfində, məscidə bitişik mədrəsə binası var. Burada, həmçinin hamam və kəhriz də yerləşir.

Mənbələr:

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  2. modern.az