Ordubad rayonu Mingis məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ordubad rayonu Mingis məscidiMəscid Ordubad rayonunun Mingis küçəsində yerləşir. İbadət evinin dəqiq inşa tarixi məlum deyil. Lakin Azərbaycan Respublikası məscidlərinin ensiklopediyasında buranın tarixi hicri-qəməri təqvimi ilə 188-ci (804) ilə aid edilir.

İbadətgah şimal tərəfdən bir, cənub tərəfdən iki mərtəbəli quruluşa malikdir. Məscidin şimal tərəfdən bir taxta giriş qapısı, cənub tərəfdən dörd böyük, üç balaca pəncərə və iki giriş qapısı var. Tavan bir neçə sütun üzərində dayanır.

Giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimi ilə 1088-ci ildə (1677) ildə Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. Əbdülhüseyn Ordubadi Səfəvi I Şah Abbasın dövründə sarayın baş münşisi (sarayda fəaliyyət göstərən katiblərin rəhbəri) olmuşdur.

Sovet dövründə ibadət evi yandırılaraq dağıdılmışdır. Məscidin binası 2001-ci ildə Hüseyn Əli oğlu Qənbərov adlı şəxsin övladları tərəfindən yenidən bərpa etdirilmiş, giriş qapısının sol tərəfində divara bu haqda məlumat verən kitabə qoyulmuşdur.

Mənbələr:

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.