Məscid Neftçala rayonunun Xıllı qəsəbəsində yerləşir. Məscidin bünövrəsi XX əsrdə Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur. İbadət evi Məhəmməd Peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki kitabədə ərəb dilində yazılıb:
“Fatimeyi Zəhra məscid camesi 1321 (1903-cü il)”
İbadətgahın iki giriş qapısı var. Məscidin dam örtüyü dəmir təbəqə ilə işlənib. İbadət evinin zalında 25 pəncərə var. Məscidin pəncərə və qapıları taxtadan düzəldilib. Tikilinin döşəməsi daş, tavanı isə taxtadandır. Tavan düzbucaqlı formadadır və 16 ağac sütun üzərində dayanıb. Məscidin minbəri taxtadandır və üçpilləlidir. Mehrabın üstündə daşdan aypara və beş guşəli ulduz rəmzi qoyulub. Ibadətgahın dəyirmi formada olan minarəsi kərpicdən hörülüb. Minarə tək şərəfəyə malikdir, hündürlüyü 18 metrdir. Üstündə aypara və səkkiz guşəli ulduz rəmzi qoyulub.
Sovet höküməti dövründə məscidin pəncərələri sökülüb və o, anbar kimi istifadə edilib. 1989-cu ildə məscid yerli əhalinin köməyi ilə fəaliyyətə davam edib. İbadət evi tarixi abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://www.youtube.com