Naxçıvan şəhəri Zaviyə-mədrəsə binası

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Naxçıvan şəhəri Zaviyə-mədrəsə binasıZaviyə-mədrəsə binası Naxçıvan şəhərinin Zaviyə məhəlləsində, Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə yerləşir. Mədrəsə quruluşuna görə, XVII-XVIII əsrlərə aid edilir.

Ərəbcə “zaviyə” sözü “guşə”, “künc”, “bucaq” mənasını verir. “Zaviyə” adı orta əsrlərdə yaşayış, ibadət, zikr və təhsil mərkəzlərinə verilmişdir.

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı.

Zaviyə-mədrəsə binası mürəkkəb memarlıq quruluşuna malik idi. Lakin XIX əsrdə aparılan təmir işlərindən sonra, binanın quruluşunda dəyişiklikər edilmişdir.

Mədrəsənin inşasında kərpicdən istifadə olunub. Binanın əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç uzunsov şəbəkəli pəncərədən və minarədən ibarətdir. Mədrəsə binasında ibadət zalı və ikimərtəbəli üç yardımçı otaq var. Binanın bir dolama pilləkənli minarəsi mövcuddur. Binanın əvvəllər bir günbəzi var idi, lakin o, XIX əsrdə aparılan təmir işlərindən sonra düz xətli örtüklə əvəz edilmişdir.

XX əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə edilib. 2007-ci ilədək burada Naxçıvan Muxtar Respublikası Qadınlar Məclisi yerləşirdi.

Zaviyə-mədrəsə binası 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa olunmuşdur.

Mənbələr:

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan- 2008.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan- 2017.
  3. http://imp.nakhchivan.az
  4. http://www.anl.az