Pir Naxçıvan şəhərində, şəhid A.Tarverdiyev küçəsində, “Zaviyə məscidi”ndən 100 metr cənub tərəfdə yerləşir. Ziyarətgah, həmçinin Xədicəbəyim piri kimi tanınır. Ocağın yaranma tarixi dəqiq məlum deyil.
Yaşlı sakinlərin sözlərinə görə, pirdə qadın məzarı olmuş, başdaşı üzərində isə ərəb əlifbası ilə “Möminə Xədicəbəyim” sözləri yazılmışdır. Möminə Xədicəbəyim adlı qadın, Ərdəbilli Şeyx Cüneydin zövcəsi (arvadı) olmuşdur.
Xədicəbəyimin I Şah İsmayılın ata nəslindən olan şiə müsəlmanlarının yeddinci İmamı Museyi Kazımın (ə.s) şəcərəsindən olduğu ehtimal olunur. Möminə Xədicəbəyim savadlı və xeyirxah olduğundan, xalq arasında ona “Xədicə kübar” (Xədiceyi-kübara) adını vermişdilər.
Onun məzarı üzərində tarixi lövhə 1950-ci illərdə götürüldüyündən, onun şəxsiyyəti haqda dəqiq məlumat vermək mümkün deyil.
Pirdəki məzar uzun illər baxımsızlıq üzündən sökülmüşdür. Söküntü zamanı pirin yeri “müqəddəs” ziyarətgah kimi xalq tərəfindən qorunub saxlanılmışdır.
1995-ci ildə xeyriyyəçi B. Surxay oğlunun vəsaiti ilə pirdə yenidənqurma işləri aparılıb. Burada qəbir yeri düzəldilib və üzərində sərdabə binası tikilib. Pir sərdabəsini bənna Kərbəlayi Qəhrəman Əli oğlu inşa edib.
Pirin yerdən hündürlüyü 14 metr olaraq 8 üzlü piramida şəkillidir. Sərdabənin yeddi divarında yuxarıdan kiçik ölçülü pəncərələri və ön tərəfdə isə iki tağlı qapısı var. Pirin içərisində döşəmədə məzar qurulub. Sərdabənin qapısı üstündə divarda “Xədicəbəyim piri” sözləri yazılmış lövhə mövcuddur.
Ziyarətgahda tez-tez məhəllə adamları tərəfindən pir sahibinə Quran oxunur və onun adından ehsanlar verilir.
Mənbələr:
- Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı. Dövlət və Din – № 06 (53). Noyabr-Dekabr 2017.