Naxçıvan şəhəri Qara Kimsənə pir məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Naxçıvan Muxtar Respublikasında, Ordubad rayonunun Nüsnüs kəndində yerləşir. İbadətgah 1325-1326-cı illərdə inşa edilib. Bu barədə məscidin giriş qapısının üstündə qeyd olunub. Orada yazılıb: “Bu məscid İslam padşahı Əbu Səid Bahadur xanın səltənəti günlərində uca Tanrıya möhtac olan zəif qul və katib Rəziullah ibn Sədr ibn Arslan ibn Səncər ibn Atabəyin qoruyucusu Aytəkinin əli ilə tikilib. 726-cı (1325-1326) il”.

İbadətgah iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə pir, ikinci mərtəbədə isə məscid yerləşir. Məscid iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi. Məscidin yuxarı hissəsində altı gözlük mövcuddur. İbadət evinin divarlarında Quran ayələri həkk olunub.

Məscidin pir hissəsi isə “Qırx kimsənə” kimi tanınır. Deyilənə görə, bura Fironun zülmündən qaçmış 40 nəfərin qeybə çəkildiyi yerdir. “Nüsnüs” adı farsca “nist” (yoxdur) kəlməsindən gəlir. Əvvəllər “nist-nist” kimi tələffüz olunan bu ad sonralar “nüsnüs” olaraq formalaşıb. Pirin binasının ortasında hündürlüyü 5 metr olan bir sütun var. Rəvayətə görə, Firondan qaçmış 40 nəfəri təqib edənlər bir neçə dəfə bu sütunu dağıtmışdılar. Lakin o, qaynayaraq yenidən çıxıb. Burada ziyarət olunan da məhz bu sütundur.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyət abidələri. Naxçıvan-2017.