Məscid Nardaran qəsəbəsinin Ağa məhəlləsində, Qala küçəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1317-ci ildə (1899) tikilib. Bu ibadətgah Şıx Ağa adlı şəxs tərəfindən inşa edilib.
Məscid düzbucaqlı formadadır, divarları yonulmuş sal daşlardan tikilib. İbadətgahın tavanı dörd sütun üzərində dayanır. Sütunlar tağlarla bir-birinə birləşir. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Kişilər və qadınlar şöbəsi birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə isə mədrəsə fəaliyyət göstərib. İbadət evinin minbəri daşdan düzəldilib və doqquzpilləlidir. Məscidin günbəzində dörd pəncərə var. İbadətgahın hündürlüyü 16 metr olan minarəsi mövcuddur.
1937-ci ildən məscid anbar kimi istifadə olunub. 1987-ci ildə ibadət evinin fəaliyyəti bərpa olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.
- https://kataloq.gomap.az