Maştağa qəsəbəsi İmam Zaman məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Maştağa qəsəbəsi İmam Zaman məscidiMəscid Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşir. İbadətgahın bünövrəsi hicri-qəməri təqvimi ilə 1293-cü (1876) ildə qoyulub. İbadət evinin kitabəsindən məlum olur ki, ibadətgah “Keçənlər məscidi” kimi də tanınır.

Məscidin divarları yonulmuş daşlar ilə hörülüb. İbadətgah iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir. Şöbələr arasındakı arakəsmə şəbəkə ilə işlənib. İbadət evinin bir neçə yardımçı otağı var. İbadətgahın döşəməsi daş plitələrlə işlənib. İbadət evinin tavanı səkkiz sütun üzərində dayanır. Məscidin giriş qapısının sağ tərəfində kitabə var. Orada ibadət evinin haqqında məlumatlar həkk olunub. İbadətgahın mehrabının üstündə ərəbcə yazılar var. Məscidin taxtadan olan minbəri beşpilləlidir. İbadət evinin günbəzinin diametri 3 metrdir və üstü yaşıl rənglə işlənib. Orada dörd tağvari pəncərə var.

1937-1989-cu illərdə məscid anbar kimi istifadə olunub. İbadət evinin nəzdində vaxtilə mədrəsə fəaliyyət göstərib.

İmam Zaman məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az