Masallı şəhər Digah məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı şəhər Digah məscidiMəscid Masallı şəhərinin Niyazi küçəsində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir. İbadətgah 1846-cı ildə Mirabdullah bəy, onun oğlu Miravad bəy və yerli hacıların təşəbbüsü ilə inşa edilib. Buraya, həmçinin Axund Məmmədqulu və Əbəlfəzl Abbas məscidi də deyirlər.

İbadətgahın tutumu 350 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və divarları qırmızı kərpicdən hörülüb. İbadət evinin tavanı taxtadan, damı isə şiferdəndir. İbadətgahın ön tərəfində dörd pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dirək üzərində dam artırılıb. İbadət evinin damında kvadrat günbəz var. İbadətgahın kərpicdən inşa edilmiş bir minarəsi var. Minarənin divarları “Allah” adı ilə bəzədilib.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1983-cü ildən məscid Masallı rayonu Tarix Diyarşünaslıq muzeyi kimi istifadə olunub. Həmin il məscid dövlət tərəfindən təmir olunub, dam örtüyü dəyişdirilib. 1989-1990-cı illərdə ibadətgaha eyvan əlavə olunub. 1997-ci ildə məscid yerli hacı və kərbəlayıların tərəfindən təmir olunub.

Masallı şəhəri Axund Məmmədqulu məscidi yerli əhəmiyyətli abidə sayılır.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.