Masallı rayonunun Köhnə Alvadı kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonun Köhnə Alvadı kənd məscidiMəscid Masallı rayonu, Köhnə Alvadı kəndi, Şah İsmayıl Xətai küçəsində yerləşir. İbadət evi 1998-ci ildə kənd sakinləri tərəfindən inşa olunub.

İbadətgah Masallı rayonunun ən iri məscidi hesab edilir. Məscidin iç sahəsi 648 kvadratmetr, hündürlüyü isə 18 metr təşkil edir. Burada eyni anda 600 nəfər ibadət edə bilər.

İbadətgah qırmızı kərpicdən tikilib və düzbucaqlı formaya malikdir. Məscidin üç günbəzi və qoşa minarəsi var. Minarələr ağ kərpicdən ucaldılıb və üzərlərində qırmızı kərpiclərdən ərəb dilində “Allah” adı hörülüb. Günbəzlər ağ dəmir təbəqə ilə işlənib. Məscidin girişində səkkiz sütun üzərində dayanan böyük eyvan yerləşir.

İbadət evinin pəncərələri taxta şəbəkələrlə işlənib. Mehrab Ərdəbil şərq üslublu naxışlarla bəzədilib. Mehrabın üst hissəsində ərəbcə “Əs-salamu əleykə ya Məhdi” yazısı var. Qadın və kişi zalları pərdə arakəsmə ilə ayrılıb.

Məscid yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbə:

Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.