Məscid Masallı rayonunun Boradigah kəndində yerləşir. İbadət evi 1853-1854-cü illərdə inşa olunub.
Məscid kərpicdən tikilib. İbadətgahın rəngli şüşələrdən ibarət iki tağvari pəncərəsi var. İki giriş qapısı, həmçinin tağvaridir və taxtadan hazırlanıb. İbadətgahın girişində Azərbaycan hərfləri ilə kəlimei-şəhadət, ərəb əlifbası ilə isə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları yazılıb.
Məscidin taxtadan hazırlanmış düzbucaqlı tavanı var. Tavan beş sütun üzərində dayanır. İbadət zalında dördpilləli minbər və 3,5 metr hündürlüyündə mehrabı yerləşir. Qadın və kişi zalları bir-birindən taxta arakəsmə ilə ayrılıb. Qadınlar şöbəsinin giriş qapısı ayrıdır.
Sovet dövründə məscid taxıl anbarı kimi istifadə olunub. 1989-cu ildə isə ibadətgahın fəaliyyəti bərpa olunub. 1990-cı ildə məsciddə təmir-bərpa işləri aparılıb. 1997-ci ildə kənd sakinlərinin şəsxi vəsaiti hesabına məsciddə təmir işləri görülüb.
Masallı rayonun Boradigah kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Mct.gov.az
- http://www.mct.gov.az