Məscid Masallı rayonunun Xırmandalı kəndi ərazisində yerləşir. İbadət evi 1994-2004-cü illərdə yerli sakin Qasımov Miyazəli Baba oğlu tərəfindən inşa edilib. Bu barədə məscidin ön divarında qoyulan mərmər kitabədə qeyd olunub.
İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Bu şöbələrə giriş ayrıdır. Məscidin ön hissəsində iki giriş qapısı və iki tağvari plastik pəncərəsi var. İbadət evinin girişləri dəhliz formasındadır. Hər dəhlizin tağvari iki plastik pəncərəsi var. Məscid bir günbəzə və qoşa minarəyə malikdir. Minarələr və günbəzin üstü dəmir təbəqə ilə üzlənib.
İbadət zalında mehrab və altıpilləli taxta minbər mövcuddur. İbadət evinin tavanı, həmçinin taxta ilə işlənib.
Xırmandalı kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahları. Bakı-2021.