Məscid Masallı rayonunun Qodman kəndinin Zülfüqar Qodmanlı küçəsində yerləşir. İbadət evi XIX əsrdə inşa edilib.
Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin dam örtüyü kirəmitlə örtülüb, tavanı isə taxtadandır və iki taxta sütun üzərində dayanır. Tavan yerli ustalar tərəfindən hörülüb. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadətgahın taxtadan tağvari formada iki giriş qapısı və üç pəncərəsi var. Pəncərə və qapılar şəbəkə ilə işlənib. Məscidin üçpilləli minbəri var, mehrabı isə yoxdur. İbadət evinin damında azan vermək üçün bir düzbucaqlı günbəz yerləşir. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb.
Masallı rayonu Qodman kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az
- http://www.mct.gov.az