Məscid Masallı rayonunun Çaxırlı kəndində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşir. İbadət evi 1995-ci ildə yerli sakinlərin təşəbbüsü və vəsaiti ilə tikilib.
İbadətgah kərpicdən inşa edilib. Məscidin tavanı taxtadan, damı isə yaşıl şiferdəndir. Tavan düzbucaqlı formadadır və üç sütun üzərində dayanır. İbadət zalı iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi. İbadət evinin ön tərəfində tağvari formada üç ağ plastik pəncərə və iki taxta giriş qapısı var. Məscidin minbəri altıpilləlidir. İbadətgahın minarəsi məscid binasından ayrı tikilib. Minarənin üzərində ağ kərpiclərlə və ərəb hərfləri ilə bir neçə dəfə “Allah” adı həkk edilib.
Çaxırlı kəndində XIX əsrin əvvəllərində köhnə məscid olub. Lakin XX əsrin 30-cu illərində bu məscid sökülüb, yerində yeni məscid tikilib.
Çaxırlı kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.