Masallı rayonu Bala Kolatan kənd Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Bala Kolatan kəndinin ərazisində yerləşir. İbadət evi 1990-cı ildə inşa olunub. İbadətgah İlqar, Mühacir, İqdam qardaşları və Hacı Aydın Ağamalı  oğlunun təşəbbüsü ilə kənd sakinləri tərəfindən tikilib. İbadət evi, həmçinin Morşəli məscidi kimi tanınır.

Məscid qırmızı kərpicdən tikilib və düzbucaq formadadır. İbadət evinin tavanı taxtadandır, damı isə kirəmitdəndir. İbadətgahın ön tərəfində dörd pəncərə, bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin həyəti hasar ilə əhatə olunub. İbadətgaha su xətti çəkilib və orada istilik sistemi quraşdırılıb.

Məscidin qızılı rəngdə bir günbəzi və 8 metrlik qoşa minarəsi var. Minarələr Hacı Xanxanım Fərman qızı adlı şəxsin vəsaiti hesabına ucaldılıb.

2017-ci ildə Abbas Həbib oğlu adlı şəxs məsciddə 200 nəfərlik mərasim zalı tiktirib.

Bala Kolatan kənd Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://cenub.az