Masallı rayonu Ərkivan kənd Şeyx Səfi ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Ərkivan kənd Şah Səfi ocağıOcaq Masallı rayonunun Ərkivan kəndinin Miyandi məhəlləsində yerləşir. Ocağın inşa tarixi XII əsrə aid edilir. Ərazidə tapılan qoç heykəlləri ocağın qədim olduğunu göstərir. Ehtimal edilir ki, burada Şeyx Səfi dəfn olunub.

Şeyx Səfi İmamların (ə.s) nəslindəndir. Şeyx Səfəvilər sülaləsinin əcdadıdır. Ali təhsilli və dini elmləri öyrənən Şeyx Səfi öz vaxtının müctəhidi olub. Deyilənə görə, ocaq Şeyxin Dağıstan səfəri zamanında yaradılmışdır.

Ocağın içərisində quyu, ələm və qara daş mövcuddur. Yayın isti günlərində Şeyx Səfi ocağında yerləşən quyudan başqa, bu ərazidə bütün quyular quruyur. İnanclılar bu quyuya öz niyyətlər və diləklərini söyləyirlər: əgər su tərpənsə, niyyət və diləkləri qəbul olacaqdır deməkdir. “Funksional-semantik baxımdan ocaqlar və pirlər” kitabında quyu barədə belə yazılıb: “Qapağı açırllar, suya niyyət edirsən, niyyətin qəbul olacaqsa, su qaynayır. Elə bunun möcüzəsi də odur ki, bu su nə quruyur, nə də azalır. İlboyu su sakitcə axıb gedir”. Deyilənə görə, bu ziyarətgaha natəmiz insan gələrsə ilanlar ona hücum edər.

1995-1997-ci illərdə İsmayılov Xanəli Bəşir oğlu adlı şəxs tərəfindən ziyarətgahda yenidənqurma işləri aparılıb. “Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları” kitabında onun sözləri bələ əks olunub: “Ziyarətgahın vəziyyətini görüb narahat olurdum. Bir dəfə niyyət elədim, niyyətim həyata keçsə ocağı təmir edəcəyimə söz verdim. İstədiyimə yetişdim və ziyarətgahı təmir etdim”.

Masallı rayonu Şeyx Səfi ocağı yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  4. Nuridə Zabit qızı. Funksional-semantik baxımdan ocaqlar və pirlər. Bakı-2016.