Məscid Lənkəran şəhərinin Hacılar küçəsi 18-də yerləşir. İbadətgah 1864-cü ildə yerli dindarların və xeyriyyəçilərin vəsaiti ilə tikilmişdir. Bura, həmçinin Həzrət Əli məscidi və Cümə məscidi kimi də adlanır.
Böyük Bazar məscidi düzbucaqlı formaya malikdir. İbadətgahda eyni zamanda 550 nəfər ibadət edə bilər. Məscid əsas və yardımcı binalardan ibarətdir. İbadət evinin giriş qapısında ərəbcə “La ilahə illəllah” sözləri yazılıb. Böyük Bazar məscidinin minarəsi kərpicdən tikilib və hündürlüyü 36 metrdir.
İbadətgahın 1929-cu ilədək altı təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. 1930-cu illərdə bu təkyələr dağıdılmışdır. Onlardan yalnız biri, Hacı Hacıağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb.
Məscid 1938-1980-ci illərədə çörək zavodu, 1980-1990-cı illərdə isə rəsm qalereyası kimi istifadə edilirdi. İbadətgah, həmçinin anbar və kitabxana kimi də fəaliyyət göstərib. Buna baxmayaraq onun ilkin görünüşü bu günədək qorunub saxlanılıb.
Məscid 1995-1997-ci illərdə bərpa edilmişdir. İbadətgahın, sovet dövründə dağıdılmış, minarəsi, 1995-ci ildə usta Hacı Ağamirzə Mirzəyev tərəfindən yenidən tikilmişdir.
Lənkəran şəhəri Böyük Bazar məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı 2020.
- http://lenkeran-ih.gov.az
- http://www.mct.gov.az