Lənkəran rayonu Viravul kənd məscidi 1

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Viravul kəndində, Yuxarı baş məhəlləsində yerləşir. İbadət evi 1988-1990-cı ildə inşa edilmişdir. İbadətgahın inşasına Bəhlul Axundov adlı şəxs rəhbərlik etmişdir.

Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadan, damının örtüyü isə kirəmitdən işlənib. İbadətgahın tavanı dörd sütun üzərində dayanır. Məscidin iki qapısı və yeddi pəncərəsi var. Güldəstə formasında günbəz dördguşəlidir, onun üstündə isə aypara və səkkizguşəli ulduz quraşdırılıb. Məscidin taxtadan üçpilləli mehrabı var. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadətgahın damında azan vermək üçün dördkünc minarə var.

Əvvəllər bu məscidin yerində XIX əsrə aid köhnə məscid var idi. Lakin ibadətgah yararsız vəziyyətə düşdüyündən sökülüb və yerində yeni məscid inşa edilib.

Lənkəran rayonu Viravul kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.