Lənkəran rayonu Türkəncil ocaqları

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaqlar Lənkəran rayonunun Türkəncil kəndi ərazisində yerləşir.

Burada üç naməlum ocaq var. Yerli sakinlər də bu ocaqların adlarını və tarixini bilmir. Bu ocaqlar naməlum olduqlarına görə, bunlara adsız ziyarətgahlar deyilir.

Birinci ocaq kəndin mərkəzində, yol kənarında yerləşir. Yaxınlığında iri uləs (vələs) ağacı olduğundan sakinlər ocağı bəzən “Üləsə tıbə” də adlandırırlar. “Üləsə tıbə” talış dilində “Vələs ağacı olan türbə” deməkdir. Burada olan naməlum qəbir ziyarət olunur. Yerli sakinlərin fikrincə, bu qəbirdə kənddə adına ocaq olan Baba Nəcəfin yaxınlarından biri dəfn edilib. 1990-cı illərdə Türkəncil kənd sakini Kamal Güləhməd oğlu Xudaverdiyevin şəxsi vəsaiti hesabına qəbir üzərində məqbərə inşa edilib.

İkinci ocaq kəndin mərkəzində, Əyyar Gülməli oğlu Hüseynovun həyətyanı sahəsində yerləşir. Qəbir üzərində olan başdaşı köhnəldiyindən, onun kimə məxsus olduğunu oxumaq mümkün deyil. Yerli sakinlərin fikrincə, qəbirdə müqəddəs bir şəxs dəfn edilib.

Üçüncü ocaq kənd sakini Əbülfət Mürvət oğlu Əsədullayevin həyətyanı sahəsində yerləşir. Burada olan başdaşı köhnəldiyindən onun kimə məxsus olduğunu oxumaq mümkün deyil. Deyilənlərə görə, bu qəbir də Baba Nəcəfin yaxınlarından birinə məxsusdur.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.