Lənkəran rayonu Tükəncil kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Tükəncil kəndində yerləşir. İbadətgah 2000-ci illərdə inşa edilib. İbadət evinin qarşı hissəsindəki iki pəncərənin arasında mərmər lövhə var və burada məscidin inşa tarixi yazılıb.

Türkəncil kəndində 2005-ci ilə qədər məscid olmayıb və kənd camaatı ibadətlərini evlərdə, ziyarətlərini isə qonşu kəndlərdəki məscidlərdə ediblər. Bu problemi həll etmək üçün kənd sakini Hacı Cavanşir şəxsi vəsaiti hesabına kənddə məscid tikdirib. İbadətgahın inşasında yerli ustalar və kənd sakinləri iştirak ediblər.

Məscidin tavanı taxtadandır, damı isə şifer ilə örtülüb. İbadət evinin iki taxta giriş qapısı var. İbadətgahın ön hissəsində ağacdan iki pəncərə və yan tərəflərində iki taxta pəncərə yerləşir. Məscidin hər iki giriş pilləkəni üstündə dəmir dirəklər üzərində uçbucaq şəklində iki dam qurulub. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadətgahın daxilində şəbistan yerləşir. Məscidin damında dəmirdən ibarət dördkünc minbər var və buradan azan verilir.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.