Məscid Lənkəran rayonunun Siyavar kəndinin “köhnə qəbiristanlıq” adlanan ərazisində yerləşir. İbadət evi 29 aprel 2004-cü ildə inşa olunub. İbadətgah yerli sakinlərin və kənd ağsaqqallarının təşəbbüsü ilə tikilib. Məscidin hörmə, xarratlıq işlərini yerli ustalar Mütəllim Qulamov və Pənah Xəlilov görüblər.
İbadətgah mişar daşından inşa olunub. İbadət evinin tavanı taxtadandır və beş sütun üzərində dayanır. Məscidin fasadında taxtadan tağvari formada iki qapı və beş pəncərə var. İbadətgahın sağ tərəfində isə bir qapı və iki pəncərə yerləşir. İbadət evinin pəncərələri şəbəkəlidir. Hər üç qapının qarşısında artırma vardır. Məscidin damında azan vermək üçün düzbucaq formada minbər mövcuddur.
İbadətgah iki hissəyə ayrılır: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsidə şəbistan yerləşir. Məscidin minbər və mehrabı var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.