Məscid Lənkəran rayonunun Şixəkəran kəndinin ərazisində yerləşir. İbadətgahın tikilmə tarixi XVII əsrin sonlarına aid edilir.
İbadət evi düzbucaq formaya malikdir və kərpicdən inşa edilib. Məscidin pəncərələri tağvaridir və taxtadan düzəldilib. Günbəz dördguşəli güldəstə formasındadır. İbadətgahın mehrabı divarın içində yerləşir. Mehrabdan sağ tərəfdə qadın şöbəsi yerləşir. Minbər taxdandır və yeddipilləlidir.
Sovet dövründə məscid sökülərək forması dəyişdirilib və məktəb binası kimi istifadə olunub. Daha sonra isə bura idarə və anbar kimi fəaliyyət gostərib.
1976-cı ildə yerli əhali tərəfindən ibadətgahın damı təmir olunub və bundan sonra bina məscid formasını alıb. Məscid 1988-ci ildə yenidən təmir olunub.
Əvvəllər məscidin günbəzi yox idi, lakin 2013-cü ildə məscidin sol tərəfində 15 metr olan günbəz tikilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.