Ocaq Lənkəran rayonunun Havzova kəndinin mərkəzində yerləşir. Pir XVIII əsrin dini-tarixi abidəsi hesab olunur.
Ocaq Davud adlı seyyidin adı ilə bağlıdır. Əslən İranın Camaşa mahalından olan Davud Havzova kəndində yaşamışdır. Seyyid Davud da digər seyyidlər kimi öz dövrünün tanınmış seyyidlərindən olmuş və bu ərazilərə İslam dinini təbliğ etmək məqsədi ilə gəlmişdir. Bu əraziyə köçüb gələn Seyyid Davud qısa bir müddət ərzində yerli sakinlərin hörmətini və etimadını qazanmışdır. Seyyid Davudun Havzova kəndində məskunlaşdığı yer onun vəfatından sonra ziyarətgaha çevrilmişdir. Məhz buna görə də, Havzova kəndində adı ilə əlaqədar “Seyyid Davud” ocağı var.
Ocaqda olan daş ziyarət olunur. Deyilənə görə, ocaq yeri Seyyid Davudun namaz qıldığı yer olmuşdur. Havzova kəndinin yaşlı sakinlərindən biri Ağamir Nəsir oğlu Mənsimovun fikrincə, “Seyyid Davud” ocağının yerləşdiyi ərazidə Seyyid Davudun evi olmuşdur. Ağamir Mənsimov eyni zamanda, Seyyid Davudun vəsiyyətinə əsasən ulu babalarının uyuduğu Lerik rayonunun Camaşair (Cəmoşə) kənd qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. Havzova kəndində olduğu kimi Camaşair kəndində də Seyyid Davud ocağı var.
Havzovalı alim, kənd təsərrüfatı elmləri namizədi Vaqif Rəhmət oğlu Kərimov və müəllim Səfail İslam oğlu Həsənov şəxsi vəsaitləri hesabına 2010-cu ilin yanvar ayında ziyarətgahda məqbərə inşa etmişdilər. Lahiyənin bənnası Oqtay Qulam oğlu Məmmədov olub. Ziyarətgahda olan üzlük plitələr suvaqçı Canəli Ramazan oğlu Məhərrəmov tərəfindən düzülmüşdür. 2014-cü ilin iyul ayında Ramid Əyyar oğlu Abdullayevin təşəbbüsü ilə havzovalı gənclər tərəfindən ocağın ərazisində quyu qazılmışdır.
Mənbələr:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.