Lənkəran rayonu Şah-ı Şəhid ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran-Boradigah şose yolunun üstündə, Vilvan kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir. Pirin yaranma tarixi məlum deyil. Ocaq, həmçinin “Şahi şəhidon” və “Şahşəhid” kimi də tanınır.

“Şahi Şəhidon” sözü farsca “Şah-e şəhidan” kimi mövcud olmuşdur. Bu sözdəki, “Şah” (hökmdar, izafət), “şəhid” (şəhid), “an” isə (lar-lər) cəm şəkilçisidir “Şəhidlərin şahı” mənasını verir. Bu yer bir müddət sonra yerli sakinlərin ziyarət yerinə çevrilmişdir.

İdris Cəfərov və Etibar Əhədov “Şahşəhid” ocağı haqqında yazırlar: “Vaxtilə bu ərazidə Şəlimson adlı şəhər (şəhristan) mövcud olmuşdur. Şahşəhid ocağı da Şəlimsonla əlaqələndirilir. Deyilənlərə görə, Şəlimsona hücum etmiş Qacar tayfalarına qarşı şah başda olmaqla şəlimsonlular mərdliklə vuruşmuşlar. Qüvvələrin qeyri-bərabər olduğu döyüşlərin birində Şəlimson şahı həlak olmuşdur. Şəlimson şahının öldürüldüyü vaxt insanlar qışqıraraq “şah şəhid be!” demişlər. “Şah şəhid be!” talış dilində “Şah şəhid oldu!” deməkdir. Doğma yurdunun azadlığı uğrunda şəhid olmuş şah və onun döyüşçüləri burada dəfn olunduğundan yerli sakinlər bu ərazini “Şahşəhid” adlandırmaqla ziyarətgaha çevirmişlər.”

Lənkəran şəhər sakini Teymur adlı xeyriyyəçinin şəxsi vəsaiti hesabina ocaqda Şərq memarlıq üslubunda məqbərə inşa edilmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.