Lənkəran rayonu Qara pir ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Lənkəran rayonunun Bəlləbur kəndi ərazisində, Bəlləbur qalasına gedən su anbarı yolunun solunda, dağda yerləşir. Yerli əhali tərəfindən ziyarətgah “Siyo Pi” (Qara pir) kimi adlandırılır.

Yerli sakinlərin dediklərinə görə, bu ərazidə əvvəllər çay daşlarından ibarət naməlum qəbirlər mövcud idi. Bu qəbir daşları məzarların sağ və sol tərəflərində, beş ədəd olmaq şərti ilə düzülmüşdür. Əvvəllər məhərrəm aylarında insanlar bu qəbir daşlarının yanında əski parçalarından “Ço” (talış dilində “Çıraq”) və ya məşəl düzəldir, onun arxasını yerə basdıraraq baş hissəsini yandırırdılar. Buna görə, qara tüstü ətrafı bürüyürdü. Elə bu səbəbdən də, el arasında bu türbəyə “Qara Pir” deyirdilər.

Bu pir insanların ümid yerinə və sonradan isə ziyarətgaha çevrilib. Bu ocağın ərazisində vaxtı ilə Bəlləbur qalasından gətirildiyi söylənilən bir daş var.

1990-cı illərdə Lənkəran rayonunun Rvo kənd sakini Azad adlı xeyriyyəçi öz şəxsi vəsaiti hesabınna qəbir üzərində türbə inşa edib.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası.Bakı-2020.