Lənkəran rayonu Piəşıxnəzər ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Havzova kəndindən 5-6 km aralıda, Piədiçayın sağ tərəfində, Talış dağlarında yerləşir. Ocağın dəqiq yaranma tarixi məlum deyil.

Ziyarətgah öz adını Nəzər adlı şeyxin adından götürmüşdür. Şeyx Nəzər burada məskunlaşıb, İslam dininin təbliği ilə məşğul olmuşdur. Şeyx Nəzər böyük hörmət və nüfuz sahibi olduğundan, insanlar ölümündən sonra həmin ərazini və onun qəbrini ziyarətgaha çevirib. Piəşıxnəzər (yerli sakinlər ocağı Piəşıxnəzə adlandırır) adlandırmışdır. Lakin bir zaman sonra Şıxnəzər vəfat etmiş və yaşadığı mülkdə dəfn edilmişdir.

Talış dilində “piə” – “qoca, pirani,”  “şıx” – “şeyx” deməkdir. “Nəzə, Nəzər” isə “şəxs” deməkdir. Beləliklə, Piəşıxnəzər Azərbaycan dilinə tərcümədə “Qoca Şeyx Nəzər” mənasını verir. Piəşıxnəzər ocağının girəcəyində başqa bir qəbir də yerləşir. Deyilənlərə görə o, Şeyx Nəzərin oğlu Pirvəlinin (Pirəlinin) qəbridir.

Əvvəllər Şeyx Nəzərin qəbri üzərində ağacdan kiçik ev olub. 1991-ci ildən sonra xeyirxah insanların vəsaiti hesabına ziyarətgahda Şeyxin qəbri üzərində başdaşı qoyulmuş, məqbərə tikilmiş, namaz qılmaq, qurban kəsmək və digər dini ayinləri icra etmək üçün şərait yaradılmışdır.

Ziyarətgahın yerləşdiyi yer Hirkan Milli Parkının ərazisinə daxildir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.