Lənkəran rayonu Piə Rza ağa ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Zövlə kəndinin Şiroba (Süt obası) məhəlləsində, açıq ərazidə yerləşir. Pirin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur.

Ocaq Periz ağa adlı seyyidin adı ilə bağlıdır. Yerli sakinlər ona Piə Rıza (qoca Rza) deyib və sonradan bu söz “Periza” şəklinə düşmüşdür. Bu ocaq seyyid Rza adından çox “Perıza”, “Periza” və “Perazdağa” kimi tanınır. Kəndin yaşlı sakinlərinin sözlərinə görə, ocağın əsl adı Pirağa (Ağanın piri) olmuşdur.

Piə Rıza elə bu ərazidə dəfn olunub. Yerli camaat Piə Rzanın vəfatından sonra onun məzarını ziyarətgaha çeviriblər. Ehtimal edilir ki, vaxtilə bu ərazi qəbiristanlıq olmuşdur. Hazırda burada Perizağanın qəbrindən başqa qəbir yoxdur. Burada üzərində yazılar həkk olunmuş qədim daşlar da mövcud olmuşdur. Sonralar həmin daşlar qəbir üzərində qurulan daş tikiliyə birləşmişdir. Perizağaya qoyulmuş başdaşında ərəb dilində “Cənab İmam Hüseynin oxşarı” sözləri həkk edilib.

1988-ci ildə Kərbəlayı Mirzəhüseyn Mirzağa oğlu Əliyevin təşəbbüsü və Zövlə kənd sakinlərinin şəxsi vəsaiti hesabına bənna Kərbəlayı Ağadadaş Mehrəli oğlu Məmmədov tərəfindən Perizağanın qəbri üzərində məqbərə inşa edilmişdir.

İsabala Xankişiyev və Etibar Əhədov “Boladi” kitabında “Siyo səyd” (qara seyyid) ziyarətgahı haqqında məlumat verərkən, qeyd ediblər: “Qara seyyidin (Siyo seyd) varislərindən biri qonşu Zövlə kəndindəki Perizağada, digəri isə Cil kəndindəki Sexəlifədə dəfn olunmuşdur”.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.