Lənkəran rayonu Mir Xitab Ağa ziyarətgahı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ziyarətgah Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində yerləşir. Bu ziyarətgah seyid Mir Xitab ağa Mir Əli oğlu Bəhrəmovun adı ilə bağlıdır.

Mir Xitab ağa 1910-cu ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olmuş və 1948-1950-ci illərdə Lənkəran rayonunun Kirov (indiki İstisu) qəsəbəsinə köçmüşdür. Fəlsəfə elmləri doktoru İman müəllimin dediklərinə görə, Mir Xitab ağa sovet dövründə seyid kimi tanınmış və hər il məhərrəm ayında müqəddəslərin şərəfinə evində təziyə məclisi qurarmış. O, 1989-cu ildə vəfat etmiş və qəsəbənin qəbiristanlığında dəfn edilmişdir. Mirxitab ağanın evi sağlığında olduğu kimi, vəfatından sonra da ziyarətgaha çevrilmişdir. Qəsəbə sakinləri hörmət və ehtiramın nəticəsi olaraq  Ağanın məzarı üstündə dəmir konstruksiyalı tikili inşa etmişdilər.

Bu ziyarətgah qəsəbə və qonşu kəndlərin sakinləri tərəfindən ziyarət olunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.