Lənkəran rayonu Mamusta kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Mamusta kəndində, Məhəmməd Fərzullayev küçəsində yerləşir. İbadət evi 1885-1890-cı illər arasında inşa edilib. M.Mirzəyev, M.Məmmədovun “Mamusta” kitabında məscidin inşa tarixi haqqında yazılıb: “Mamusta kənd məscidi 1888-ci ildə inşa olunmuşdur”. İbadətgah yerli əhali tərəfindən inşa edilib.

Məscid düzbucaq formaya malikdir və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı və damı taxtadandır. Tavan beş sütun üzərində dayanıb. Məscidin iki qapısı və altı pəncərəsi var. İbadətgahın mehrabı sadə şəkildə işlənib.

Sovet dövründə məsciddən anbar, klub, idarə və kitabxana kimi istifadə olunub. Vaxtilə damın üstündə güldəstə formasında günbəz olmuşdur. Lakin repressiya illərində həmin güldəstə götürülmüşdür. 1989-cu ildə burada təmir-bərpa işləri aparılıb.

Mamusta kənd məscidi yerli əhəmiyyətli abidə hesab olunur.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.