Lənkəran rayonu Kərgəlan kənd məscidi 1

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Kərgəlan kəndinin cənub-qərbində, Lüvəsər kəndinə gedən yolun sağında, köhnə qəbiristanlığın həyətində yerləşir. İbadətgah 1902-ci ildə inşa olunub. İbadət evi “qədə məçit” və “kanə məçit” (köhnə məscid) kimi də tanınır.

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. Deyilənə görə, məscidin tikintisində Bəlləbur qalasının kərpiclərindən də istifadə olunub. İbadətgahın tavanı taxtadandır və üç taxta sütun üzərində dayanıb. Məscidin taxtadan iki giriş qapıları var və onların önündə iki dayaq üzərində dəmirdən dam qurulub. İbadətgahın ön hissəsində iki pəncərə var və onların üst hissəsi üçkünc formadadır. İbadət evinin sağ və sol tərəflərində də pəncərələr var. Məscidin damında azan vermək üçün minbər var. İbadətgah ortadan pərdə ilə iki hissəyə ayrilib: kişilər və qadınlar şöbələri.

Məscidin həyətinin sol tərəfində dəstəmazxana mövcuddur.

Yerli əhalinin dediklərinə görə, bu ərazidə XIX əsrin ortalarında köhnə məscid olmuşdur və onun həyətində köhnə qəbirlər var idi. Lakin sonralar burada tikinti işləri aparılması ilə əlaqədar, köhnə məscid dağılmışdır. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə Kərgəlan kəndində məscidin olması haqqında məlumat var: “… Dini baxımdan isə bütün kənd sakinləri Məhəmmədi dininin şiə təriqətinə mənsubdurlar. Kərgəlan kəndində bir məscid var və bu məsciddə kənd camaatı məhərrəm aylarında daha sıx gedir və orada ehsanat verirlər”. 

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://gomap.az