İ.Şükürzadənin “Lənkəran ziyarətgahları” və A.Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası” kitabında ocağın Lənkəran rayonunun Kərgəlan kəndində yerləşdiyi deyilir. Qeyd olunub ki, ziyarətgah sözügedən kəndin “Qədə Kaqəlonə” (kiçik Kərgəlan) adlı məhəllədəki qəbiristanlıqda inşa edilib. Lakin Lənkəranın Lüvəsər kəndinin sakinlərinin sözlərinə əsasən, ocaq Lüvəsər kəndi ərazisində yerləşir. Pir XIV-XV əsrlərə aid edilir.
Türbənin daxilində bir qəbir var. Burada 1056-cı ildə İmam Museyi-Kazimin (ə.s) nəticəsi İmamzadə İbrahim dəfn olunub.
Tikili düzbucaqlı formadadır. Türbənin fasadı qırmızı kərpiclə üzlənib. Ocağın ön hissəsində bir pəncərə və bir qapı var. Məqbərənin giriş qapısının önündə iki sütun uzərində dam artırılıb. Pirin üç sütun üzərində dayanan eyvanı var.
Mənbələr:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2016.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.