Məscid Lənkəran rayonunun Girdəni kəndində yerləşir. İbadət evi 1912-ci ildə köhnə məscidin yerində inşa edilmişdir.
Yeni məscid kərpicdən hörülüb, damı qırmızı kirəmitlə örtülüb. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. İbadətgahın güldəstə formasında olan günbəzi dördguşəlidir və hər bir guşədə gözlük (balaca pəncərə) qoyulub. Məscidin tavanı taxtadandır və dörd boru üzərində dayanıb. Məscidin üç qapısı və səkkiz pəncərəsi var. Onlar düzbucaq formadadır və taxtadan düzəldilib.
1997-ci ildə kənd sakinlərinin vəsaiti hesabına burada yardımçı otaq inşa edilib, həyətdə quyu qazılıb və həyətyanı sahə mişar daşından tikilmiş hasara alınıb.
Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1988-ci ildə kənd sakinlərinin təşəbbüsü nəticəsində ibadətgah bərpa olunub və fəaliyyətini davam etdirib.
Burada 1912-ci ilə qədər fəaliyyət göstərən köhnə məscid 1870-ci ildə tikilmişdir.
Lənkəran rayonu Girdəni kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.mct.gov.az