Ziyarətgah Lənkəran rayonunun Tükəvilə kəndi və Masallı rayonunun Rüdəkənar kəndləri arasındadır. Burada Bobo Səmənin qəbri yerləşir.
Mirhaşım Talışlı və Etibar Əhədovun “Lənkəran: ensiklopedik məlumat” kitabında Baba Səmən haqqında yazılıb: “Baba Səmən XVI əsrdə yaşamış, ərəb, fars dillərini bilmiş, dövrünün görkəmli şəxsiyyətlərindən olmuşdur. Hörmət və nüfuzuna görə el arasında Şah Səmən adı ilə də tanınırmış”. Yerli sakinlərin sözlərinə görə, Baba Səmən el arasında Babagil adı ilə tanınmış, XVI əsrin böyük din alimi Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin qardaşı olmuşdur. Hörmət və nüfuzuna görə Baba Səmənin qəbri ziyarətgaha çevrilmişdir.
Ziyarətgahın mərkəzində nəhəng nil (azat) ağacı var. Ocağının yerləşdiyi yer Şah Səmən qəbiristanlığı kimi tanınır. Böyük Vətən müharibəsinə qədər burada qonşu kəndlərin nüfuzlu şəxsləri dəfn olunublar.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.