Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi 1

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsinin Ayna Sultanova küçəsində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.

Rusiya imperiyasının hərbi dəfərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə bu məscid haqqında belə yazılır: “Aşağı Nüvədi kəndi Lənkəran qəza mərkəzindən 24 verst aralıqda, Zərdəcü çayının qolayırıcında yerləşir… Bu kənddə iki məscid var”. Məscidin adı ilk dəfə 1850-1880-ci illərə aid hərbi sənədlərdə çəkilir, belə qərara gəlmək olar ki, ibadətgah bundan da əvvəl mövcud olub.

Məscidin giriş qapısından sağ tərəfdə qəbir yerləşir. Həmin qəbirdə bu məsciddə axund olmuş Şeyx Yusif Kərbəlayı Əmir oğlu Viyənli (1860-1948) dəfn olunub.

İbadət evi düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır və dörd taxta sütun üzərində dayanır. Məscidin tağvari, göy rəngdə iki giriş qapısı və bir neçə taxta pəncərəsi var. İbadət evinin günbəzi altıguşəlidir və onun üstü dəmir təbəqə ilə işlənib. İbadətgahın mehrabı tağvari formadadır. Məscid iki şöbəyə ayırılıb: qadınlar və kişilər şöbəsi.

Məscidin damının örtüyü qırmızı kirəmitlə işlənib və onun üzərində azan vermək üçün künclü minbər var. Minbər taxtadandır və dördpilləlidir. İbadətgahın minbərinin üstündə onun düzəldilmə tarixi qeyd olunub, hicri-qəməri təqvimilə 1332-ci il (1913). Minbərin üzərində ərəbcə yazılar da var.

Məscid sovet dövründə anbar kimi istifadə olunub. 1985-ci ildən isə fəaliyyətini bərpa edib.

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. https://kataloq.gomap.az